Los-Ancelesin mərkəzində komendant saatı elan edildi


Los-Ancelesin meri Karen Bass İmmiqrasiya və Gömrük Mühafizəsinin miqrantlara qarşı reydləri ilə bağlı baş verən etirazlar və iğtişaşlardan sonra şəhərin mərkəzi hissəsində komendant saatı elan edib.
Yeniavaz.com
xəbər verir ki, komendant saatı axşam saat 8-dən qüvvəyə minib və bir neçə gün yerli vaxtla səhər saat 6-ya qədər və davam edəcəyi gözlənilir.
İyunun 10-da axşam keçirilən brifinqdə Karen Bass vandalizm və talançılığı dayandırmaq üçün qərarın verildiyini açıqlayıb. Merin sözlərinə görə, iyunun 9-na keçən gecə şəhərin mərkəzində 23 mağaza talan edilib.
Los-Anceles polis rəisi Cim Makdonnel bildirib ki, şəhər mərkəzindəki komendant saatı bölgənin sakinlərinə, evsizlərə, akkreditə olunmuş mediaya, ictimai təhlükəsizlik və fövqəladə hallar xidmətinin əməkdaşlarına şamil edilmir.
Qeyd olunub ki, komendat saatı ərzində həmin ərazidə olan digər hər kəs həbs ediləcək.
Makdonnelin sözlərinə görə, komendant saatı son günlər artan iğtişaşlar, həmçinin insanların həyat və mallarını qorumaq üçün zəruri olub.
Qeyd edək ki, iyunun 6-dan ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi agentlərinin miqrantlara qarşı reydlərə başlamasından və onlarla insanı həbs etməsindən sonra Los-Ancelesdə etirazlar başlayıb.
Əhalisinin əhəmiyyətli hissəsi Latın Amerikası sakini olan Los-Ancelesdə etirazlar iğtişaşlara və hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib. Nümayişçilərdən bəziləri onlara daş və fişənglər atıb. Bir neçə küçədə avtomobillər yandırılıb, infrastruktura ziyan dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da güc tətbiq ediblər.
Los-Anceles polis rəisi Cim Makdonnelin sözlərinə görə, son dörd gündə ən azı 378 nəfər həbs edilib.
ABŞ prezidenti Donald Trampın əmri ilə Müdafiə Nazirliyi Los-Ancelesə Milli Qvardiya və dəniz piyadalarından ibarət kontingent göndərib.

DİGƏR XƏBƏRLƏR

Top