Lamin Yamal dünyanın ən bahalı futbolçusudur


“Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamal “Transfermarkt” portalının versiyasına görə dünyanın ən bahalı futbolçusu olub.
Yeniavaz.com
xəbər verir ki, 17 yaşlı Yamalın bazar dəyəri 200 milyon avro olaraq qiymətləndirilib.
İlk beşliyə həmçinin “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqem (180 milyon avro), “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holan (180 milyon avro), “Real Madrid”in hücumçuları fransalı Kilian Mbappe (180 milyon avro) və braziliyalı Vinisius (170 milyon avro) daxildir.
Qeyd edək ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. O, 2024/25 mövsümündə komanda ilə birlikdə çempion, İspaniya kubokunun və Superkubokunun qalibi olub. Ötən mövsüm futbolçu “Barselona”nın heyətində 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə verib. Yamal həmçinin, 2023-cü ildə də İspaniya çempionu olub.
Hücumçu İspaniya millisi ilə birlikdə 2024-cü ildə Avropa çempionatının qalibi olub və turnirin ən yaxşı gənc futbolçusu seçilib. Ümumilikdə o, millidə 21 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə edib.
2024-cü ilin oktyabrında o, “France Football” jurnalına görə dünyanın ən yaxşı gənc oyunçusu seçilib və növbəti ay Avropanın 21 yaşa qədər ən yaxşı oyunçusuna verilən “Golden Boy” mükafatını qazanıb. Mükafatın təsisçisi “Tuttosport” nəşridir.

DİGƏR XƏBƏRLƏR

Top