
Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın və onun həyat yoldaşının girov müqabilində azadlığa buraxılması barədə ərizəyə baxacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Məlumata görə, Pakistan paytaxtının yüksək məhkəməsi dinləməni iyunun 11-nə təyin edib.
Məhkəmədə həbsin dayandırılması və İmran Xanın zaminə buraxılması gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar ayında Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan “Ədalət Uğrunda Hərəkat”ın qurucusu İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.
Siyasətçinin həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkumlar həmçinin əlavə altı ay həbslə nəticələnə bilən külli miqdarda pul cəzasına məhkum ediliblər.
Xan və həyat yoldaşının 2018-ci ildə rüşvət kimi torpaq sahələri aldıqları və “Al-Qadir Trust” xeyriyyə fondundan qeyri-qanuni gəlirləri yumaq üçün istifadə etdikləri bildirilir.
Xatırladaq ki, İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistan hökumətinə rəhbərlik edib. Daha sonra o, parlamentdə etimadsızlıq səsverməsi nəticəsində hakimiyyətdən kənarlaşdırılıb. İmran Xan 2023-cü ildən dövlət xəzinəsindən xaricə hədiyyələr satdığına görə həbs cəzası çəkir.