Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib


Kanada və Avstraliyadan olan beynəlxalq alimlər qrupu onkoloji xəstələrin sağ qalma şansını artıracaq mühüm bir kəşfə imza atıb.
Yeniavaz.com
xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu “New England Journal of Medicine” (NEJM) jurnalında dərc olunub və Çikaqoda keçirilən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) beynəlxalq konfransında təqdim edilib.
Yeni tədqiqat sübut edib ki, müntəzəm fiziki fəaliyyət xərçəng xəstələrində ölüm riskini 37%, residiv – yəni xəstəliyin təkrar yaranması ehtimalını isə 28% azaldır.
Tədqiqat çərçivəsində kolon (yoğun bağırsaq) xərçəngi olan 889 xəstə 10 il ərzində izlənilib. Onlar iki qrupa bölünüb: biri tibb təlimçiləri ilə həftədə 3-4 dəfə, 45-60 dəqiqəlik strukturlaşdırılmış məşqlər edib, digəri isə yalnız standart tibbi tövsiyələrlə kifayətlənib. Nəticələr göstərib ki, təlim proqramında iştirak edən xəstələr daha uzun və keyfiyyətli həyat sürüblər.
ASCO-nun baş həkimi Culia Qralov bu nəticəni belə şərh edib: “Məşqlərin heç bir yan təsir olmadan, bir çox bahalı dərmanlardan daha təsirli olduğu sübut edildi”.
Tədqiqatçılar qeyd edirlər ki, fiziki aktivliyin xərçəngə qarşı təsir mexanizmi kompleksdir. O, immuniteti gücləndirir, iltihabı azaldır, bədəni sağlam çəkidə saxlayır və psixoloji vəziyyəti yaxşılaşdırır.
Hərçənd araşdırma bağırsaq xərçəngi üzərində aparılıb, mütəxəssislər hesab edirlər ki, bu tapıntılar digər xərçəng növləri üçün də keçərlidir. Bu isə onkoloji sahədə paradiqmanın dəyişməsinə və milyonlarla xəstənin həyat keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər.
Yeni kəşf bir daha sübut edir ki, fiziki fəallıq təkcə profilaktik vasitə deyil, həm də müalicənin ayrılmaz və güclü bir hissəsidir.

DİGƏR XƏBƏRLƏR

Top