
Amerikalı milyarder İlon Maskın atası, mühəndis və sahibkar Errol Mask Rusiyanın paytaxtında keçirilən “Gələcəyin Forumu 2050” tədbirinə qatılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Tədbirdə iştirak edən Errol Mask nəşrə verdiyi müsahibəsində oğlu İlon Maskın ABŞ Prezidenti Donald Trampla qarşıdurmaya başlamasını səhv addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu münaqişəyə səbəb kimi İlon Maskın yorğunluq və daimi stres vəziyyətində olması göstərilə bilər.
“Tramp prezidentdir və yenidən seçilib. Deməli, məncə, İlon səhv edib. Amma o, yorğundur, beş ay fasiləsiz stress yaşayıb”, – deyə Errol Mask bildirib.
O, həmçinin bu qarşıdurmanın əhəmiyyət daşımadığını və tezliklə unudulacağını əlavə edib. “Gələcəyin Forumu 2050”nin rəsmi saytında Errol Maskın tədbirdə məruzəçi qismində çıxış edəcəyi də qeyd olunub.
Xatırladaq ki, iyunun 5-də İlon Mask və Donald Tramp arasında sosial mediada qarşılıqlı sərt açıqlamalar səsləndirilib. Mask Trampın seçkilərdə qalib gəlməsinin onun dəstəyi olmadan mümkün olmayacağını iddia edib, Trampın impiçmentinə dəstək verib və Ağ Evin təqdim etdiyi bəzi qanun layihələrini tənqid edib. Tramp isə öz növbəsində iş adamını “dəli” adlandıraraq, onun rəhbərlik etdiyi SpaceX və digər şirkətlərlə olan dövlət müqavilələrinin ləğvi ilə hədələyib.