
Rusiyada çeçenlər tərəfindən Moskvanın Yaroslavsk dəmir yolu vağzalında saxlanaıln erməni bloger Areq Şepixinə qarşı ekstremizmə çağırış ittihamı ilə cinayət işi açılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya İstintaq Komitəsi Şepixinə qarşı ekstremist fəaliyyətə çağırışla yanaşı, nifrətin qızışdırılması fonunda insan ləyaqətinin alçaldılmasına çağırışına görə cinayət işi açıb.
Hazırda Şepixin dindirilir. Yaxın vaxtlarda müstəntiqlər onun həbsi üçün məhkəməyə vəsatət verəcəklər.
Digər tərəfdən, İstintaq Komitəsinin müstəntiqləri Moskvanın Yaroslavsk dəmir yolu vağzalında Şepixini saxlayan 6 nəfərə qarşı ittiham irəli sürüb.
Hazırda iş üzrə təqsirləndirilən şəxslərlə aktiv iş davam etdirilir. Bütün halları müəyyən etmək üçün üzləşdirmələr aparılır.
Qeyd edək ki, ötən gecə sosial şəbəkələrdə mülki şəxslərin bir nəfəri qara “Mercedes”in baqajına qoyaraq, Moskvanın Yaroslavsk vağzalından uzaqlaşdırdığını əks etdirən video yayılıb. Sonradan məlum olub ki, 39 yaşlı iş adamı və bloger Areq Şepixin müsəlmanları təhqir etdiyinə və etnik təmizləməyə çağırdığına görə Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Çeçenistan Daxili İşlər Nazirliyi dindarların dini hisslərini təhqir etmək məqsədilə törətdiyi ictimai hərəkətlərə görə Şepixinə qarşı araşdırmaya başlayıb.
Çeçenistanın milli siyasət, xarici əlaqələr və mətbuat naziri Əhməd Dudayevin sözlərinə görə, Şepixin dəfələrlə və açıq şəkildə etnik təmizləmə və nasizmə çağırıb, dini və Allahı təhqir edib.