
Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı iki istintaq işi başladılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, ilk istintaq İstanbul Respublika Prokurorluğu tərəfindən açılıb.
İstintaq CHP sədrinin Qaziosmanpaşa mitinqində İstanbul Baş prokuroru Akın Gürlek haqqında dediyi fikirlərə görə başladılıb.
İstanbul Respublika Prokurorluğundan verilən açıqlamada Özgür Özələ qarşı Akın Gürlek barəsində dediyi sözlərə görə, “məhkəmə məmurunu vəzifəsini yerinə yetirməsinə mane olmaq üçün təhdid etmək” və “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” cinayətləri ilə bağlı istintaq başlatdığını açıqlayıb.
Özgür Özəl haqqında növbəti istintaq Ankara Respublika Prokurorluğu tərəfindən açılıb. Bu istintaqın da açılmasına səbəb CHP sədrinin Akın Gürlek haqqında dediyi fikirlər olub.
Ankara Respublika Prokurorluğu Özgür Özəl barəsində “cinayətə təhrik” və “dövlət məmurunu təhqir və təhdid etmək” cinayətləri ilə bağlı istintaq başlatdığını açıqlayıb.
Qeyd edək ki, Ö.Özəl Qaziosmanpaşa rayonunda keçirdiyi mitinq zamanı CHP-nin saxlanılan bələdiyyə sədrlərinin polislərin müşaiyəti ilə məhkəmə aparılmasının kadrlarının yerli KİV-də dərc olunmasına sərt reaksiya vermişdi.
“O videonu çəkənlərin burnunu bu millətin əli ilə yerdə sürütdürəcəyəm. Akın, möhkəm daşa tuş gəldin. Ağlınızı başınıza alın. Bir daha belə bir şey görməyəcəyəm”, - Ö. Özəl bildirib.