Aİ yenidən silahlanma üçün COVID fondundan 335 milyard avro ayıracaq


Avropa İttifaqı COVID-19-a qarşı mübarizə fondundan 335 milyard avronu ittifaqa üzv ölkələrin silahlı qüvvələrini yenidən silahlandırmaq və genişləndirmək üçün istifadə edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.  
Məlumata görə, ilkin olaraq, xərclənməmiş vəsaitlərin iqlim proqramlarının və rəqəmsal texnologiyaların maliyyələşdirilməsinə sərf ediləcəyi güman edilirdi. Lakin sonradan pulun müdafiə layihələrinin maliyyələşdirilməsinə istiqamətləndirilməsi qərara alınıb.
“Politico”nun verdiyi xəbərə görə, Avropa Komissiyası (AK) bu proqramın həyata keçirilməsi üçün 2026-cı ilin avqust ayına qədər vaxt təyin edib.
Yalnız bir sıra tələbləri və hədəfləri yerinə yetirməklə ölkələr fonddan vəsait əldə etmək üçün müraciət edə bilərcəklər.
Qeyd edək ki, martın 19-da Avropa Komissiyası “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Bir sıra Aİ ölkələrinin etirazlarından sonra sənədin adı daha az aqressiv olan “Hazırlıq 2030” olaraq dəyişdirilib.
Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur. Vəsaitin əsas hissəsinin Avropa dövlətlərinin büdcələrindən (təxminən 650 milyard avro) alınması təklif edilir, daha 150 milyard avronun isə kredit şəklində istifadə edilməsi planlaşdırılır.
AK Aİ ölkələri üçün büdcə güzəştləri vermək, həmçinin regional inkişaf üçün nəzərdə tutulan vəsaitləri hərbi xərclərə istiqamətləndirmək niyyətindədir. Bundan əlavə, “Hazırlıq 2030” Aİ-nin müdafiə xərclərini ÜDM-in 1,5%-i qədər artırmağı təklif edir.

DİGƏR XƏBƏRLƏR

Top