
İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində itlərin küçədə gəzdirilməsi qadağan edilib.
Yeniavaz.com ISNA agentliyinə istinadla xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Prokurorluğu və İnqilab Mərkəzi qərar çıxarıb.
Qurumun prokuroru Babək Məhbub Əlili Təbriz şəhərində parklar, ictimai yerlər və nəqliyyat vasitələri də daxil olmaqla itlərin gəzdirilməsinin qadağan olduğunu bildirib.
Onun sözlərinə görə, bələdiyyədən parklarda və ictimai yerlərdə it gəzdirilməsini qadağan edən nişanlar quraşdırmaq və heyvanların ictimai nəqliyyat parkına daxil olmasına nəzarət etmək tələb olunub.
Məhbub Əlili həmçinin sahibsiz itlərin sağlamlığa və cəmiyyətə vurduğu ziyanla bağlı ictimaiyyətdən çoxsaylı məlumatların daxil olduğunu xatırladıb.
“Prokurorluq bu sosial fenomenlə mübarizədə məsul qurumların qanuni hərəkətlərinə lazımi dəstəyi verəcək və bununla bağlı qurumlar tərəfindən hər hansı hərəkətsizliyə qarşı mübarizə aparacaq”, - o bildirib.
“Vətəndaşların yuxarıda qeyd olunan qadağaya əməl etmək üçün müvafiq orqanlarla əməkdaşlıq etmələri gözlənilir”, - prokuror əlavə edib.
Qeyd edək ki, Təbrzilə yanaşı İsfahan, Həmədan, Urmiya, Kirman, Gülistan, Qəzvin kimi şəhərlərdə də itlərin gəzdirilməsi qadağan edilib.