
Prezident Donald Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişinə tam qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, daha 7 ölkənin vətəndaşlarına isə ABŞ-yə giriş qismən qadağan edilib.
Qərar rəsmi olaraq 2025-ci il iyunun 9-dan qüvvəyə minəcək.
ABŞ prezidentinin iyunun 4-də imzaladığı səyahət qadağasının məhdudlaşdırılması qərarı milli təhlükəsizliyin təmin edilməsi və terrorizmlə mübarizə məqsədləri ilə əsaslandırılır.
Vətəndaşlarının ABŞ-yə girişi tam qadağan edilən ölkələr bunlardır:
Əfqanıstan;
Çad;
Konqo Respublikası;
Ekvatorial Qvineya;
Eritreya;
Haiti;
İran;
Liviya;
Somali;
Sudan;
Yəmən;
Myanma.
Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının isə ABŞ-yə girişi qismən qadağan edilib. Belə ki, onlar turist və ya tələbə vizası ala bilməyəcəklər, lakin Amerikada yaşayan qohumlarını ziyarət etmək üçün viza ala biləcəklər.
Trampın qərarı demokrat siyasətçilər tərəfindən tənqid edilib. Konqresmen Don Bayerin fikrincə, Trampın təəssübkeşliyi və dözümsüzlüyü amerikalıları daha təhlükəsiz etməyəcək, parçalanmaya töhfə verəcək və ABŞ-nin dünya lideri kimi mövqeyini sarsıdacaq.
Qeyd edək ki, Donald Tramp prezident kimi ilk müddətində də – 2017-ci ildə Kuba, Çad, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən vətəndaşlarının ABŞ-yə girişini qadağan edən sərəncam imzalayıb. Lakin Prezident Co Baydenin dövründə həmin qadağa ləğv edilib.