Sevilmək istəyən sevsin, sevinmək istəyən sevindirsin!


Allahın (c.c.) verdiyindən Onun rizası üçün Allahın bəndəsinə vermək əslində özünə dəyər qazandırmaqdır. Çünki sən Allahın bəndəsini Allah üçün sevsən, Allah da səni sevər; sən Allahın bəndəsini Allah üçün sevindirsən, Allah da səni sevindirər.
Hər kəs uğrunda canını verməyə hazır olduğunun qurbanıdır. Başqa sözlə, qurban vermək qurban olmaqdır.
Adəm oğlu Haqdan uzaqlaşdıqca dəyərini itirir. Çünki Allah (c.c.) insanı üstün yaradıb, Günəşi, Ayı, ulduzları, ağacları, heyvanları insan üçün (insana xidmət etmək üçün) xəlq edib. İnsanın yaradılış qayəsi isə öz Rəbbini tanımaq, Ona itaət və ibadət etməkdir. Qurban kəsən insan isbat edir ki, hər şeyini Allah yolunda fəda etməyə hazırdır.
Əgər xatırlayırsınızsa, dinimizdəki qurban ibadətinin başlanğıcında Həzrəti İbrahimin (ə.s.) sevimli oğlu İsmayılı Allah üçün qurban etməsi var. Deməli, imanını isbat etmək üçün ən çox sevdiyini belə Allah yolunda qurban etməyə hazır olmalısan. Əgər sən imanını isbat etmək üçün hər fədakarlığa hazırsansa, Uca Yaradan da sənin bu davranışına sonsuz mərhəməti ilə cavab verər. Elə ona görə də, Allah Həzrəti Cəbrayılla bir qoç göndərdi və İsmayılı azad etdi.
İnsanın Allahına qurban olması kəsilməklə olmaz, bir ömür boyu Allahın buyurduqlarını həyatına hakim qılmaqla, Ona təslim olmaqla olar.
Allah yolunda şəhid olmaq da elə Allaha qurban olmaqdır. Allah bəlkə də elə buna görə buyurur ki, “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etməzsiniz” (2/154).
Rəsulullah (s.ə.s.) buyurur ki, qulun namazı da, orucu da, duası da Allaha təqdim etdiyi qurbandır. Düşünürsünüzmü, qıldığın namazın da qurbandır, tutduğun orucun da qurbandır, etdiyin duan da qurbandır. Könlünü açmaq üçün birinə təbəssüm bəxş etmək də qurbandır, ayağa qaldırmaq üçün birinin qolundan tutmaq da qurbandır, ürək-dirək vermək üçün birini ziyarət etmək də qurbandır. Sədəqə də qurbandır, sevgi də qurbandır, səmimiyyət də qurbandır.
Mərhəməti Sonsuz olan Allah öz bəndəsinin üzünə nə qədər qapılar açır. Açır ki, yaxınlaşmaq niyyəti olan bəndə o qapıların birindən keçib Rəbbinə yaxınlaşsın. Qul Rəbbinə yaxınlaşdıqca Allah da o quluna yaxınlaşır. Həm də elə yaxınlaşır ki, onun görən gözü, eşidən qulağı, yeriyən ayağı, tutan əli olur.
Allah onu da buyurur ki, bəndəsi Ona tərəf bir addım atsa, O, bəndəsinə tərəf on addım atar, bəndə Allaha doğru yeriyərək getsə, Allah onu qarşılamağa qaçaraq gələr. Yəqin ki, bu qədər müjdə içində fitnə olmayan bir qəlbi doyurmaq üçün kifayətdir!

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top