
ABŞ Prezidenti Donald Tramp iyunun 4-dən ölkəyə idxal olunan polad və alüminiuma rüsumların ikiqat artırılması haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncamla polad və alüminium məhsullarına tariflər 25%-dən 50%-ə yüksəlib.
Sənəddə iki ölkə arasında may ayında əldə edilmiş iqtisadi razılaşmanın həyata keçirilməsini təmin etmək məqsədilə tarif artımının Böyük Britaniyaya şamil olunmadığı qeyd edilib.
ABŞ prezidenti 2025-ci ilin fevralında idxal olunan alüminium və polad üçün 25% rüsum elan edib və may ayında Pensilvaniyadakı fabrikə səfəri zamanı yerli istehsalı artırmaq üçün tarifi iki dəfə artıracağını bildirib.
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, ölkə 2024-cü ildə 31,3 milyard dollar dəyərində polad və alüminium idxal edib. Bu məhsulların əsas tədarükçüləri Kanada, Braziliya, Meksika, Cənubi Koreya və Vyetnamdır.