SOCAR bu yataqlardan BP-yə 35% pay verib


Bu gün BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak paylarının alınmasını başa çatdırıb.
Yeniavaz.com
“BP-Azərbaycan” şirkətinə istinadən xəbər verir ki, sövdələşməni rəsmiləşdirən sazişlər bu gün BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.
Birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20–25 km məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən Qarabağ neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur.
İkinci blok Bakıdan 90–110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi – Dan ulduzu – Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunan və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid hasilatın pay bölgüsü sazişi (HPBS) də 2018-ci ildə imzalanıb.
BP iki sazişin (RXS və HPBS) hər birində SOCAR-dan 35%-lik iştirak payı alıb. Hər iki sazişdə qalan 65%-lik iştirak payını SOCAR özündə saxlayacaq. BP hər iki müqavilə üzrə operator olacaq.
BP-nin pay əldə etməsini rəsmiləşdirən sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top