
Hər fərdin və ya hər xalqın həyatında müəyyən əlamətdar günlər, bayramlar var. Bunlar öz yerində, ancaq müsəlmanlar üçün dinimizin buyruğu olan iki gözəl bayram - Ramazan bayramı və Qurban bayramı xüsusi əhəmiyyət və məna daşıyır. Yəni, bu iki bayram özlüyündə həm təfəkkür, həm də bir mükafat mövzusudur.
Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti insana ölümdən sonra dirilib Məhşər meydanında toplaşmağın ifadəsi olduğu kimi, qurban kəsmək də verdiyi bütün nemətlər üçün Allaha (c.c.) şükür etməyin ifadəsidir.
Qurban vermək əslində hər bir insanın xarakterini formalaşdıran dəyərlər arasında ən mühüm xüsusiyyətdir.
Allah (c.c.) Qurani-Kərimdə də “Rəbbin üçün namaz qıl və qurban kəs!” (108/2) buyurmaqdadır.
Allah üçün qurban vermək insanlığın fitrətində olan ibadətdir. İlk insandan üzü bəri bütün İlahi dinlərdə Allah üçün qurban vermək var. Ən gözəl və ən xeyirli qurban anlayışı isə İslamın əmr etdiyi qurbandır. Hər il Zilhiccə ayının məlum günlərində qurban kəsmək, imkanı olan hər müsəlman üçün borcdur.
Allah üçün qurban vermək mənəvi baxımdan çox böyük həqiqəti ifadə edir. Yəni, sən həm qəbul, həm də təsdiq edirsən ki, sənin də, əlindəki malın-mülkün də həqiqi sahibi Allahdır.
Qurban kəsən insan həm də isbat edir ki, hər şeyini Allah yolunda fəda etməyə hazırdır.
Qurban - sədaqətdir. Könül verib bağlandığın dərgahdan ayrılmadan son nəfəsini də o qapıda verib can əmanətini Həqiqi Sahibinə təslim etməkdir.
Qurban - səmimiyyətdir. Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Allah o qurbanı qəbul etdi. Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin ən çürüyünü qurban ayırdı, Allah onun qurbanını rədd etdi. Əgər Allah üçün verəcəksənsə, ən gözəlini ver. Yəni, əsas məsələ nə verdiyinə baxmaq deyil, kimin adına verdiyinə baxmaqdır.
Qurban - Həqiqi Sahibini tanımaqdır. Hər şeyin Allahın mülkü olduğunu idrak etmək və bu həqiqətə inandığını nümayiş etdirməkdir.
Qurban həm də nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində də nəfsin tərbiyəsi ən mühüm amillərdən biridir.
Allah (c.c.) bütün qurbanlarımızı Uca Dərgahında qəbul etsin, yurdumuza xeyir-bərəkət, insanlarımıza könül xoşluğu nəsib etsin!
Murad Məmmədov