
ABŞ Suriyadakı iki hərbi bazasını bağlayıb, digərini isə ölkədəki hərbi mövcudluğunun azaldılması çərçivəsində kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinə (SDQ) verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına bildirib.
Onun sözlərinə görə, Amerika komandanlığı son bir neçə həftə ərzində ərəb respublikasından 500-ə yaxın hərbçisini çıxarıb.
“500-ə yaxın Amerika əsgəri Suriyadan çıxarılıb. Ölkədə yerləşən iki hərbi baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə təhvil verilib”, - amerikalı məmur qeyd edib.
Telekanalın məlumatına görə, Suriya Demokratik Qüvvələri “Mission Support Site Euphrates” hərbi bazasına nəzarət edəcək.
Telekanalın həmsöhbəti bağlanan iki hərbi bazadan birinin “Mission Support Site Green Village” hərbi bazası olduğunu bildirib. Ancaq o, Amerika komandanlığının tərk etdiyi digər hərbi bazanın adını çəkməyib.
Qeyd edək ki, 2015-2018-ci illər arasında kürdlərin nəzarətində olan Suriya ərazisində doqquz Amerika hərbi bazası və üç forpostu yaradılıb. Onlar Hələb, Deyr əz-Zor, Rakka və Həsəkə əyalətlərində, həmçinin İraq və İordaniya ilə həmsərhəd Ət-Tanf regionunda yerləşib. Bu bazalarda ən azı 2200 Amerika əsgəri olub.
Xatırladaq ki, martın 10-da Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və kürd ittifaqının komandiri Mazlum Abdi SDQ bölmələrinin hökumət ordusunun bir hissəsi olacağına dair saziş imzalayıblar.
Tərəflər Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan ərazilərdə yerləşən bütün mülki və hərbi obyektlərin, o cümlədən hava limanlarının, həmçinin qaz və neft yataqlarının Dəməşqin yeni administrasiyasının səlahiyyətinə keçməsi barədə razılıq əldə ediblər.