
İyunun 2-də Parisdəki Qrevin muzeyindən Fransa Prezidenti Emmanuel Makronun mum heykəli oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.
Polisdəki mənbənin sözlərinə görə, səhər saat 10:30-da iki qadın və bir kişi turist qiyafəsində muzeyə gəliblər. Binaya daxil olan kimi paltarlarını dəyişərək özlərini muzey işçisi kimi təqdim ediblər. Onlar Makron heykəlini ədyala büküb onunla birlikdə təcili çıxışdan çıxıblar.
Bir neçə dəqiqədən sonra özünü “Greenpeace” fəalı adlandıran şəxs muzeyə zəng edərək oğurluğu bu təşkilatın həyata keçirdiyini bildirib.
Daha sonra fəallar heykəli Rusiya səfirliyinə apararaq orada quraşdırıblar. Bununla da Fransa ilə Rusiya arasında iqtisadi əlaqələrə etiraz ediblər.
Aksiya barədə “Greenpeace”in Fransa bölməsinin saytında da məlumat verilib.
“Le Figaro”nun məlumatına görə, Makronun mum heykəlinin qiyməti 40 min avrodur.