Sağlamlığın açarı


Sağlamlığın ən mühüm şərtlərindən biri də sağlam qidalanmadır. Nə vaxt yemək, nə qədər yemək, necə yemək… bizim sağlamlığımızda əsasdır. Bu gün dünyada dərman sənayesi silah satışı qədər gəlir əldə edir. Demək, bu qədər xəstə var ki, o qədər də dərmana ehtiyac olur.
Sağlam qidalanma, israfdan qaçma dinimizin təkidlə üzərində durduğu prinsiplərdən biridir. Sevimli Peyğəmbərimizin (s.ə.s.) həyatında da, buyruqlarında da bu mövzuda çox gözəl örnəklər var. O buyurur ki, acmadan süfrəyə əyləşməyin, doymadan süfrədən qalxın. Başqa bir buyruğunda isə Sevimli Peyğəmbərimiz (s.ə.s.) mədənin üçdə birini yeməyə, üçdə birini suya ayırmağı, üçdə birini isə boş saxlamağı tövsiyə edir.
Bir dəfə Ondan xəstəliklərin sayını soruşurlar, cavabında buyurur ki, yediyiniz ərzağın sayına baxın. Əslində, burada çox böyük bir həqiqətə işarə var. Yəni, ən faydalı bildiyiniz bir qidanı belə miqdarından artıq yeməməlisiniz. Nizaminin məşhur: “Bir inci saflığı varsa da suda; Artıq içiləndə dərd verir o da”, misrası da sanki Sevimli Peyğəmbərimizin (s.ə.s.) bu buyruğunun izahıdır.
Məlumdur ki, insan orqanizminin üçdə ikisi sudan ibarətdir və havadan sonra bizim yaşamağımız üçün ən çox ehtiyac duyduğumuz nemət sudur. Amma bununla belə suyun qəbulunda da həddi aşmaq insana zərər verir. Bu günün insanının ən ciddi problemlərindən biri də qəbul etdiyi kalorini yandıra bilməməsidir. Nəticədə, orqanizmdə piylənmə və artıq çəki əmələ gəlir. Yüksək kalorili yeməklər qəbul edib passiv həyat yaşayan insanların xəstələnməsində təəccüblü bir şey yoxdur. Xüsusilə, axşam saatlarında, yuxuya yaxın vaxtlarda qəbul edilmiş qida sağlamlığın pozulmasında mühüm rol oynayır.
Yeməyi çeynəmədən udmaq da orqanizmdə müəyyən fəsadlara yol açır. Bunun bir neçə səbəbləri var. Əvvəla, çeynənməmiş qidanı həzm etmək mədə üçün əlavə problemlər meydana gətirir. Digər tərəfdən, qidanı çeynəyərək udmaq insanın daha tez toxluq hiss etməsinə səbəb olur. Çeynəmədən udmaq isə daha gec toxluq hiss etməsinə gətirib çıxarır. Belə olduqda isə insan daha çox yeyir ki, bu da yuxarıda dediyimiz kimi, müxtəlif fəsadlara səbəb olur.
Ayaq üstə yemək, içmək də doğru deyil. Konservləşdirilmiş, emal edilmiş, hisə verilmiş qidalardan çox istifadə etmək də məsləhət görülmür. Tərkibini bilmədiyimiz və ya etibar etmədiyimiz qidalardan uzaq durmaq məsləhətdir.
Yeməklərin hazırlanmasında təmiz kərə yağına üstünlük verilməlidir. Bununla yanaşı, ət yağlarının, həmçinin, qoyun quyruğunun, mal iç piyinin əridilməsi ilə əldə olunan yağlar da orqanizm üçün faydalıdır. Yaşı yüzü keçmiş və ya haqlamış insanların çoxu bu cür sağlam qalmalarının əsas səbəbi kimi bal, yağ, süd, qatıq, pendir kimi təbii qidaları göstərirlər.
Sevimli Peyğəmbərimizin (s.ə.s.) “Oruc tutun, sağlam olun!” buyruğu da bu gün dünyanın inkişaf etmiş ölkələrində pəhriz adı ilə tətbiq edilir və çox böyük səmərə verir. İl boyu bədəndə yığılmış bir çox zərərli maddələr oruc zamanı bədəndən xaric olunur. Oruc vasitəsi ilə orqanizm bir çox potensial xəstəliklərdən qorunmuş olur.
Digər tərəfdən, az yeməklə kifayətlənmək sağlamlığın mühüm şərtlərindən biridir. Bu yerdə bir lətifəni sizlərlə paylaşmaq istəyirik...
Bir gənc yaşlı bir adamla zarafat edir:
- Bu adam mənim babamla yaşıddır. Mənim babam otuz ildir ki, torpağın altındadır, bu isə hələ də oğul-uşağının çörəyinə şərik çıxır.
Qoca da cavana belə cavab verir:
- Doğru deyirsən, ay oğul, biz sənin babanla yaşıdıq. Amma bir məsələ var ki, Allah bu dünyada hər kəsə bir qismət yazır. Sənin baban gürgə olduğu üçün öz qismətini tez yeyib qurtardı, mən isə az-az yediyim üçün hələ də qurtarmayıb…
Lətifə də olsa, bu söhbətdə böyük həqiqət payı var.
Elə yeri gəlmişkən az yeməyin faydası ilə bağlı Qurani-Kərimdən bir nöqtəyə diqqət çəkmək istəyirik. Məlumdur ki, Davud Peyğəmbər qissəsində belə bir məqam var. Davud Peyğəmbərin qövmünə Calut adlı bir zalım müsəllət olur və Allahın əmri ilə hazırlanan orduya Talut başçı təyin olunur və ona buyurulur ki, onların yolu bir çaydan keçəcək, əsgərlər bir ovucdan artıq su içməsinlər. Həqiqətən də, elə olur və kim bir ovucla kifayətlənirsə, özünü çox yaxşı hiss edərək, yoluna davam edir, kim də çox içirsə, özünü çox ağır hiss edərək, döyüşdən kənarda qalır.
Bizə elə gəlir ki, o çayın suyu əslində simvolik mahiyyət daşıyır. Əslində, bu su dünya malı, dünya sevgisi mənasındadır, bir ovuc isə zəruri ehtiyac miqdarıdır, bu miqdarı aşan mütləq zərərə uğrayır. Bu misalı, əslində, biz öz həyatımızın hər məqamına şamil edə bilərik.
Buradan başqa bir məna da çıxara bilərik ki, hər kəsin mədəsinin ehtiyacı onun ovcunun tutumu qədərdir. Bu bizim düçüncəmizdir, doğrusunu isə Allah bilir. Amma bir həqiqət də var ki, Qurani-Kərimdə yer alan hər bir nöqtə mütləq böyük bir həqiqətə işıq tutur. Sadəcə olaraq, araşdırmaq və həqiqəti elmi dəlillərlə ortaya qoymaq lazımdır.
Son dövrlərdə sağlam qidalanma ilə bağlı müxtəlif prinsiplər irəli sürülməkdədir. Qan qrupuna görə ərzaq seçmək, ətdən və eləcə də digər heyvani məhsullardan imtina etmək kimi hallar var. Biz isə o fikrin tərəfindəyik ki, sağlamsınızsa, Allahın verdiyi bütün halal nemətlərdən faydalanmaq olar, yetər ki, kəmiyyət, keyfiyyət və zaman prinsiplərinə düzgün riayət edəsiniz…

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top