
Bu gün I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
“İlkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı 3 nəfərdə üzərində gizlədilmiş mobil telefon aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıblar. 3 nəfərdə isə imtahan zalında mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi zalda köçürməyə şərait yaratdığı üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar”, - DİM-in məlumatında deyilir.
Qeyd olunub ki, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq:
“İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur”.