“Coca-Cola” istehlakçılara yalan məlumat verib? – Səhvini düzəldəcək


“Coca-Cola” Avropa bazarında məhsul etiketlərini dəyişməyə qərar verib.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, bu dəyişiklik, Avropa İstehlakçı Təşkilatı və ətraf mühitin hüquqi müdafiəsi sahəsində fəaliyyət göstərən “ClientEarth” təşkilatının şirkətə qarşı irəli sürdüyü şikayətlərdən sonra baş verib.
Şirkət, məhsul etiketlərindəki “100% təkrar emal edilmiş” və “təkrar emal edilə bilən” kimi ifadələrlə istehlakçıları yanıltmaqda ittiham olunub. Müvafiq orqanların bildirdiyinə görə, “Coca-Cola”nın butulka qapaqları, etiketləri və digər komponentləri həmişə təkrar emal edilən materiallardan hazırlanmır. Bu isə məhsulun ekoloji cəhətdən zərərsiz olduğu barədə istehlakçılarda yanlış təəssürat yaradır.
Yeni dəyişikliklərə əsasən, “Coca-Cola” butulkanın hansı hissələrinin təkrar emal olunan plastikdən hazırlandığını daha dəqiq göstərəcək. Eyni zamanda şirkət öz rəsmi internet səhifəsində və sosial media platformalarında bu barədə məlumatları yeniləyəcək.
“ClientEarth” təşkilatının hüquqşünası Kamila Drzeviecka bu qərarı daha böyük dəyişikliklərin başlanğıcı kimi qiymətləndirib:
“Bu, bütün sənaye üçün bir siqnaldır – aldadıcı ekoloji iddialar artıq hüquqi məsuliyyət daşıyır”.
Avropa İttifaqının milli tənzimləyici orqanları yalnız “Coca-Cola”nı deyil, digər iri içki istehsalçılarını da yaxından izləməkdə davam edəcək. Bununla belə, plastik tullantılarla bağlı əsas problem hələ də həll olunmamış qalır: dünyada istehsal olunan plastikin cəmi 10%-i təkrar emal olunur, qalan 90%-i isə planetin çirklənməsinə səbəb olur.
“Forbes”in xəbərində bildirilir ki, yeni etiket qərarı “Coca-Cola”ın ekoloji məsuliyyət sahəsində daha şəffaf siyasət yürütmək niyyətində olduğunu göstərsə də, ekspertlər bu sahədə daha ciddi və davamlı dəyişikliklərə ehtiyac olduğunu vurğulayırlar.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top