
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri Amerika iqtisadiyyatına ən azı 50 milyard dollar gəlir gətirib.
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset “Fox News” telekanalına bildirib.
“Tariflər tətbiq ediləndən bəri biz 50-60 milyard dollar tarif gəliri topladıq. Bu, bizim düşündüyümüz kimi baş verir və apellyasiya məhkəməsinin tarifləri bərpa etmək qərarından çox məmnunuq”, - o, qeyd edib.
Hasset həmçinin qeyd edib ki, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi çərşənbə günü Trampın tarif siyasətlərini bloklamaqla, digər ölkələrlə ticarət razılaşmalarının qarşısını almağa çalışır.
“Sövdələşmələrin bir çoxu imzalanmaq üzrədir. Apellyasiya Məhkəməsi bizə daha çox vaxt verib. Bu o deməkdir ki, bizim bu sövdələşmələri başa çatdırmaq üçün vaxtımız olacaq”, - o, əlavə edib.
Qeyd edək ki, çərşənbə günü ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Amerika liderinin prezident səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək, idxala gömrük rüsumları tətbiq etmək qərarının icrasını bloklayıb. Cümə axşamı isə ABŞ-nin apelyasiya məhkəməsi tariflərin dondurulması qərarını müvəqqəti olaraq dayandırıb.