
Federal apellyasiya məhkəməsi ABŞ Prezidenti Donald Trampın fövqəladə iqtisadi səlahiyyətlərə əsaslanaraq idxal tariflərinə tətbiq etdiyi qadağanın qarşısını alıb.
Yeniavaz.com ABŞ mətbuatına istinadla xəbər verir ki, Apellyasiya Məhkəməsinin mayın 29-da çıxardığı qərar o deməkdir ki, tariflər işə baxılana qədər qüvvədə qalacaq.
Qeyd olunub ki, tərəflər iyunun əvvəlinə qədər məhkəməyə yazılı arqumentlər təqdim etməlidirlər.
Amerika mediası işin sonda Ali Məhkəməyə gedəcəyini proqnozlaşdırır.
Mayın 28-də beynəlxalq ticarət işlərinə baxan Manhetten federal məhkəməsi, Prezident Trampın tariflər tətbiq etmək üçün əsas kimi istifadə etdiyi İqtisadi Səlahiyyətlər Aktının ona demək olar ki, bütün dünyaya vergi tətbiq etmək hüququnu vermədiyinə qərar verib.
Qərarda qeyd olunur ki, həmçinin ABŞ Konstitusiyası Konqresə başqa ölkələrlə ticarət məsələləri üzrə qərar vermək səlahiyyəti verib ki, bu da prezidentin iqtisadiyyatı qorumaq səlahiyyəti ilə ləğv edilə bilməz.
ABŞ prezident administrasiyası federal məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin fevral ayından Çin və Avropa İttifaqı daxil olmaqla, müəyyən ölkələrdən idxal edilən bəzi məhsullara gömrük rüsumları tətbiq etməyə başlayıb və aprelin 2-də dünyanın demək olar ki, hər bir ölkəsinə müxtəlif miqyasda (10%-dən 50%-ə qədər) tariflər tətbiq edəcəyini açıqlayıb.
Daha sonra Tramp Çinə tətbiq edilən tarifləri 145%-ə qədər artırıb. Bundan əlavə, dünyanın bir sıra ölkələri ABŞ ilə tarif siyasətlərini dəyişdirmək üçün danışıqlara başlayıb.
Trampın tarifləri birjaların aşağı düşməsinə səbəb olub və ABŞ-nin özündə inflyasiyanın və işsizliyin artması riskini yaradıb.
Amerika məhkəmələrində ABŞ prezident administrasiyasının ticarət siyasətlərinə qarşı həm biznes nümayəndələri, həm də müxtəlif ştatlar adından çoxsaylı iddialar qaldırılıb.