
ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi ABŞ Prezidenti Donald Trampın prezident səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək, idxal rüsumlarının tətbiqi qərarının icrasını bloklayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sənəd məhkəmənin elektron məlumat bazasında dərc edilib.
“Rüsumların tətbiqi ilə bağlı mübahisəli sərəncamlar ləğv ediləcək və onların qüvvəsi daimi əsaslarla dayandırılacaq”, - deyə sənəddə qeyd edilib.
Məhkəmənin qərarında həmçinin qeyd edilib ki, yeni idxal tariflərini elan etməklə Tramp Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) ilə prezidentə verilən səlahiyyətləri aşıb.
CNN telekanalı isə öz növbəsində qeyd edib ki, məhkəmənin qərarı avtomobillərin və onların ehtiyat hissələrinin, həmçinin polad və alüminiumun tədarükü tariflərinə şamil edilməyib. Belə ki, onlar Ticarətin Genişləndirilməsi Aktı çərçivəsində təqdim edilib.
Tramp administrasiyası artıq hökmdən ABŞ-nin Federal Dairə Apellyasiya Məhkəməsinə şikayət edəcəyini bildirib.
Qeyd edək ki, aprelin sonunda ABŞ-nin on iki ştatı ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsində Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflərin ləğvi tələbi ilə iddia qaldırıb. ABŞ iqtisadiyyatına ziyan vurmaqla yanaşı, dövlət başçısı Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham olunub.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq edib.