
ABŞ Prezidenti Donald Trampın ailəsinə məxsus “Trump Media & Technology Group” (TMTG) şirkəti 3 milyard dollarlıq yeni vəsait cəlb etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, şirkət 2 milyard dollar yeni kapital və əlavə olaraq 1 milyard dollar konvertasiya edilə bilən istiqrazlar vasitəsilə maliyyələşmə axtarır.
Kapital artımı, mayın son həftəsində Las-Veqasda keçiriləcək böyük kripto sərmayədar toplantısından öncə elan oluna bilər. Bu addım, Tramp ailəsinin media və texnologiya şirkətinin kriptovalyuta bazarına ciddi şəkildə daxil olmaq niyyətini göstərir. Mənbələrin bildirdiyinə görə, şirkət Bitkoin kimi kriptovalyutaları almaq niyyətindədir və bu məqsədlə cəlb olunacaq vəsaitə ehtiyac duyur.
TMTG şirkətinin nümayəndələri “Financial Times”a cavab olaraq məlumatları inkar etməyib, lakin yalnız belə deyiblər:
“Görünür, “Financial Times”ın daha axmaq mənbələrə qulaq asan axmaq jurnalistləri var”.
Planlara dair əlavə şərh verilməyib. ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp və Ağ Ev bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Mənbələrin bildirdiyinə görə, broker şirkətlərdən “ClearStreet” və BTIG bu sövdələşmənin həyata keçirilməsində iştirak edə bilər. Bundan əlavə, TMTG kriptovalyuta əsaslı birja ticarəti fondu (ETF) yaratmağı da planlaşdırır.
Kripto sənayesi nümayəndələri bildirirlər ki, qarşıdakı həftələrdə bu sektorda sövdələşmələrin yeni dalğası gözlənilir. Qeyd edək ki, Bitkoin bu yaxınlarda 109 min dollarla yeni rekord səviyyəyə çatıb.
Donald Tramp, yenidən prezident seçildikdən sonra TMTG-dəki 53 faiz payını (təxminən 3 milyard dollar dəyərində) oğlu kiçik Donald Trampa ötürüb. Şirkətin yeganə investoru olan Tramp, səhmlər üzərində səsvermə hüququnu da özündə saxlayır.
Murad Məmmədov