
Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.
“Faktla bağlı Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcək”, - məlumatda deyilir.
***14:46
Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayevin dünyasını dəyişdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.
“Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra – mayın 10-da dünyasını dəyişib. İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb”, - sayt yazır.
Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

