
Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən 354,5 min dollar, Azərbaycanın digər bölgələrindən isə 819,4 min dollar pul köçürülüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən köçürülən pulların 61%-i və ya 216,6 min dolları Türkiyənin payına düşüb.
Türkiyədən sonra ən çox pul Rusiya (66,6 min dollar), Gürcüstan (43,1 min dollar), ABŞ (11,4 min dollar) və Almaniyadan (3,8 min dollar) köçürülüb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən köçürülən pullar ötən ilin eyni dövrü ilə müqayisədə 45% və ya 290,4 min dollar azalıb. Ən kəskin azalma Rusiyadan Naxçıvan Muxtar Respublikasına köçürülən pullarda qeydə alınıb. Ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında Rusiyadan Naxçıvan Muxtar Respublikasına köçürülən pullar 4,7 dəfə azalıb.
Bu ilin mart ayında xaricdən köçürülən pulların 163,1 min dolları Naxçıvan şəhərinin, 45 min dolları Şərur, 32,7 min dolları Kəngərli, 34,9 min dolları Culfa, 24,8 min dolları Ordubad, 37,5 min dolları Babək, 15,8 min dolları Şahbuz, 0,7 min dolları Sədərək rayonunun payına düşüb.
Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına göndərilən pulların 669,3 min dolları Naxçıvan şəhərinin, 133,6 min dolları Şərur, 15,8 min dolları Babək, 0,6 min dolları Ordubad, 0,1 min dolları isə Culfa rayonunun payına düşüb. Azərbaycanın digər bölgələrindən Muxtar Respublikanın Kəngərli, Şahbuz və Sədərək rayonlarına isə mart ayı ərzində bank sistemləri vasitəsilə pul köçürülməyib.
Murad Məmmədov