
Çinin Hançjou şəhərində “Unitree Robotics” şirkətinin təşkilatçılığı ilə insanabənzər robotlar arasında dünyanın ilk “Unitree Fist King: Awakening” boks turniri keçirilib.
Yeniavaz.com “Habr”a istinadla xəbər verir ki, türnirdə robototexnika sahəsində qabaqcıl nailiyyətləri nümayiş etdirən humanoid maşınlar arasında muay tay üslubunda döyüşlər nümayiş etdirilib.
Rinqə girməzdən əvvəl “Unitree Robotics” mühəndisləri robotları hərtərəfli hazırlayıb, onların tarazlıq və sabitliyi saxlamaq qabiliyyətlərini nəzərdən keçiriblər.
Hər bir döyüş robotu LiDAR sensorları və dərinlik kameraları ilə təchiz edilib ki, bu da onlara mürəkkəb zərbə birləşmələrini yerinə yetirməyə imkan verib.
İştirakçılar dörd insan mühəndis komandası tərəfindən uzaqdan idarə olunub. Onlar real vaxt rejimində idarəetməni təmin edən “geympad” və səs əmrlərindən istifadə ediblər.
Yarış qaydalarına əsasən, robot yıxıldıqdan sonra səkkiz saniyə ərzində ayağa qalxa bilmədikdə məğlubiyyət qeydə alınıb.
Düşməyə səbəb ya tarazlığın itirilməsi, ya da rəqibin zərbəsi ola bilər.
“Unitree Fist King: Awakening” yarışının əsas məqsədi dinamik mühitdə şirkətin texnoloji imkanlarını nümayiş etdirmək və mühəndislik həllərini sınaqdan keçirmək olub.
Şirkət artıq 2025-ci ilin dekabrında ikinci robot döyüşü keçirmək planlarını açıqlayıb.