
Türkiyədə ata Samet Demirin xərçəngə qalib gələn 4 yaşlı oğlu Ali Asafın şar uçurmaq arzusu ilə bağlı sosial mediada etdiyi çağırış böyük şar bayramına çevrilib.
Yenavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Samet Demir sosial mediada, “Dostlar, dostlarımız çox deyil. Oğlum xərçəngə qalib gəldi və şar uçurmaq istəyir. Gəlmək istərdinizmi?” – deyə çağırış edib.
Ata və oğulun bu çağırışı sosial mediada sürətlə yayılıb və bir çox insan onlara dəstək olmaq üçün bir araya gəlmək istəyib.
Sancaktepe Bələdiyyə Başçısı Alper Yeğin də bu çağırışa biganə qalmayıb və sosial şəbəkə vasitəsilə Samet Demir və oğluna cavab verib.
Şar bayramı Sancaktepe Meydanındakı parkda baş tutub.
Minlərlə insan ailənin xoşbəxtliyini bölüşüb və öz şarları ilə Sancaktepe Meydanına toplaşıb.
Daha sonra qan xərçəng xəstəliyindən sağalan Ali Asaf ailəsi ilə birlikdə səhnəyə çıxıb.
Sonda Ali Asaf və bütün iştirakçılar səmaya rəngli şarlar buraxıblar.
