
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarət sazişi bağlamaq üçün yeni şərt irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Tramp Brüsseldən Çin mallarına əlavə tariflər tətbiq etməyi istəyir.
İndiyə qədər Vaşinqton bu məsələdə Aİ liderlərini razı sala bilməyib. Trampın müşavirləri bildiriblər ki, Aİ ölkələri danışıqlarda ehtiyatlı davranır və ABŞ-ın təkliflərinə konkret cavab vermirlər.
Eyni zamanda, Britaniya ABŞ ilə razılaşaraq Çin poladına tarif tətbiq etməyə razılaşıb. Nəticədə, London və Vaşinqton arasında mayın əvvəlində ticarət sazişi imzalanıb.
Mayın 23-də Tramp Aİ-ni 50% gömrük rüsumu ilə hədələyib. O bildirib ki, razılaşma əldə olunmasa, bu qərarı gerçəkləşdirəcək.
Əvvəllər Tramp Aİ-ni sərt tənqid edib. O, Aİ-ni “Çindən də pis” adlandırıb və qurumun ABŞ-yə zərər vermək üçün yaradıldığını söyləyib.
WSJ yazır ki, Tramp administrasiyası tarifləri danışıqlarda təzyiq aləti kimi istifadə edir. ABŞ Çindən məhsul qəbul etməmək və bu ölkəyə qarşı tədbirlər görmək üçün digər ölkələrə də təzyiq göstərir.
Çin isə xəbərdarlıq edib ki, Vaşinqtonun təzyiqlərinə uyan ölkələr əks tədbirlərlə üzləşə bilər. Çin Ticarət Nazirliyi bildirib ki, başqalarının hesabına qazanc əldə etmək təhlükəlidir.