
Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Ağdam şəhərində keçirilib.
Yeniavaz.com xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev beş il ərzində dövlət başçısının işğaldan azad olunan ərazilər üzrə 500-dən çox tədbirdə iştirak etdiyini, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyduğunu, 133 infrastruktur obyektinin açılışında iştirak etdiyini bildirib.
Bildirilib ki, işğaldan azad olunan ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilən ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.
İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, hazırda ümumi uzunluğu 2644 kilometrə çatan 40 avtomobil yolunun inşası davam etdirilir, uzunluğu 224,1 kilometr olan 7 yolda işlər artıq yekunlaşıb.
Qeyd olunub ki, Ağdamda hazırda 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir. Məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla, 1268 mənzilin, həmçinin qazanxananın, uşaqlar üçün əyləncə mərkəzinin, idman meydançalarının inşası nəzərdə tutulur.