
İki dəfə “Qızıl top”un qalibi braziliyalı Ronaldo İspaniyanın “Valyadolid” futbol klubunun nəzarət paketini satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.
“Bu əməliyyat mövcud qaydalara uyğun olaraq İdman üzrə Ali Şuranın inzibati razılığına tabedir. Bu yeni mərhələni qeyd edəcək yeni layihə haqqında ətraflı məlumat yaxın günlərdə açıqlanacaq”, - məlumatda qeyd edilib.
Mətbuat xidməti həmçinin qeyd edib ki, nəzarət payı Şimali Amerika investisiya qrupuna satılıb.
Qeyd edək ki, Ronaldo 2018-ci ildən “Valyadolid”in sahibidir. Bu mövsüm “Valyadolid” İspaniya çempionatında sonuncu yerdə qərarlaşıb və yüksək diviziondan aşağı liqaya düşüb.
Xatırladaq ki, Ronaldonun 48 yaşı var və iki dəfə “Qızıl top”un (1997, 2002) qalibidir. Braziliyalı iki dəfə UEFA Superkubokunu (İspaniya “Real Madrid”i və İtaliyanın “Milan”ı ilə), İtaliya “İnter”i ilə isə UEFA kubokunu qazanıb.
PSV-nin tərkibində futbolçu Hollandiya kubokunu, “Barselona” ilə isə Kuboklar Kubokunu, İspaniya Kubokunu və Super Kubokunu qazanıb.
Həmçinin Ronaldo “Real”da oynayarkən İspaniya çempionu, İspaniya Superkubokunun və Qitələrarası Kubokun qalibi olub.
Braziliya millisinin tərkibində iki dəfə (1994, 2002) dünya çempionu olub. Ronaldo 2011-ci ildə futbolçu karyerasını başa vurub.