
ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının əcnəbi tələbələrin qəbulunu qadağan edən qərarını müvəqqəti olaraq bloklayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qərara əsasən, təxminən 7000 əcnəbi tələbəyə deportasiya üçün möhlət verilib. Prezident administrasiyası bu qərara qarşı apellyasiya şikayəti verə bilər.
Məhkəmə hesab edib ki, Harvard Universiteti bu qərardan ciddi zərər görə bilər. Universitet bildirir ki, bu qadağa dərslərə, laboratoriyalara və beynəlxalq proqramlara mənfi təsir göstərəcək.
Qadağanın səbəbi kimi ABŞ Daxili Təhlükəsizlik Departamenti Harvardı antisemit davranışlara və Çinlə əlaqələrə görə ittiham edib. Lakin universitet bu iddiaları rədd edib.
Hazırda Harvardda 6800-dən çox əcnəbi tələbə təhsil alır. Onların bəziləri məşhur ailələrdən olan şəxslərdir. Universitet bildirib ki, bu tələbələr hüquqi statuslarını itirə bilər.
Məhkəmənin qərarı tələbələrə müvəqqəti rahatlıq gətirib, lakin vəziyyət hələ tam həll olunmayıb. Növbəti məhkəmə iclasları mayın 27 və 29-da keçiriləcək.