
ABŞ dövlət katibi Marko Rubio 2019-cu ildə Suriyaya qarşı tətbiq edilən sanksiyalar paketinin ləğvi ilə bağlı sənədləri imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyanat yayıb.
Sənəddə deyildiyi kimi, söhbət “Sezar Aktı” adlanan qanun çərçivəsində qəbul edilən sanksiyalardan gedir.
Bu istisnalar sanitar şəraitin, həmçinin elektrik və su təchizatı ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək.
“Bugünkü hərəkətlər ABŞ Prezidenti Donald Trampın Suriya ilə ABŞ arasında yeni münasibətlərə dair baxışını həyata keçirmək üçün ilk addımı təmsil edir. Prezident həmçinin yardımın ardınca Suriya hökumətinin mühüm siyasət prioritetləri ilə bağlı sürətli addımlar atacağına dair ümidlərini açıq şəkildə ifadə edir”, - Rubio bildirib.
Digər tərəfdən, cümə günü ABŞ Maliyyə Nazirliyi Suriyada əvvəllər qadağan olunmuş əməliyyatlara rəsmi icazə verən ümumi lisenziya verib.
Qeyd edək ki, mayın 14-də ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa ilə danışıqlar aparıb. Bu, iki ölkə liderləri arasında son 25 ildə ilk danışıqlar olub. Amerika lideri bəyan edib ki, ölkəsi Hafiz Əsəd və oğlu Bəşər Əsədin hakimiyyəti dövründə Dəməşqə qarşı on illərdir tətbiq edilən sanksiyaları ləğv etməyə başlayacaq.