
ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donalf Tramp 2028-ci ildə prezidentliyə namizədliyini istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Qətər İqtisadi Forumunda atasının səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-nin ən yüksək vəzifəsinə namizədliyini irəli sürmək fikrində olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
“Belə bir sualın ünvanı olduğunu görmək böyük şərəfdir. Bəzi insanların buna etiraz etmədiyini görmək də böyük şərəfdir”, - kiçik Donald Tramp bildirib.
Kiçik Tramp həmçinin bildirib ki, o, “Amerikanı Yenidən Möhtəşəm Etmək” (MAGA) ideyasına köklənib.
“Deməli, mənim cavabım belədir - bilmirəm. Bəlkə də bir gün mən prezidentliyə namizəd olmaq üçün bu çağırışı özümdə hiss edəcəyəm. Amma mən həmişə bu ideyaları fəal şəkildə müdafiə edəcəyəm. Düşünürəm ki, atam həqiqətən Respublikaçılar Partiyasını dəyişib. Məncə, indi bu, Amerikanın birinci partiyasıdır”, - o, deyib.
Qeyd edək kiçik Donald Tramp hazırkı ABŞ prezidentinin böyük oğludur. O, “The Trump Organization” ailə şirkətində inkişaf və satınalmalar üzrə icraçı vitse-prezident vəzifəsini daşıyır.
Kiçik Donald Tramp həmçinin mühafizəkar dəyərlərə malik şirkətlərə investisiya qoymağa yönəlmiş vençur kapitalı fondu olan “1789 Capital”ın tərəfdaşıdır.