
Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğlu, regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırov 10 gün ərzində ikinci OMON medalı ilə təltif edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkətinin “İnstaqram” səhifəsində məlumat dərc edilib.
Məlumata görə, 17 yaşlı Kadırov döyüş tapşırığını yerinə yetirməkdə göstərdiyi köməyə görə “Axmat-Krepost” bölməsindən medal alıb.
Nəşrin məlumatına görə mükafata səbəb Adam Kadırovun “Rosqvardiya bölmələrinin inkişafına mühüm töhfəsi” olub.
Mükafatı ona “Axmat-Krepost”un rəhbəri, Çeçenistan rəhbərinin əmisi oğlu Abdul-Kərim Kadırov təqdim edib.
Mayın 12-də isə Adam Kadırov Axmat-Qroznı OMON-un 25 illiyi münasibətilə xatirə medalı ilə təltif edilib . Medalın nəyə görə verildiyi açıqlanmır. Bu, artıq Çeçenistan rəhbərinin oğlunun aldığı on yeddinci mükafatdır.
Aprelin 23-də isə 17 yaşlı Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi olub.
Qeyd edək ki, 2023-cü ilin sonunda Çeçenistan rəhbərinin oğlu da ilk yüksək vəzifəsini alıb. Belə ki, Adam Çeçenistan başçısının təhlükəsizlik şöbəsinin müdiri təyin edilib və atasının təhlükəsizliyinə rəhbərlik edib. Bunun üçün kiçik Kadırov Rusiyanın Rekordlar Kitabına Rusiya vilayətinin başçısının Təhlükəsizlik Xidmətinin ən gənc rəhbəri kimi daxil edilib. Elə həmin il Kadırovun oğlu Şeyx Mənsur adına batalyonun kuratoru olub.