
Ermənistan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın 7 rayonunu ələ keçirmək üçün Rusiya silahlarından istifadə edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Nəzərinizə çatdırım ki, Ermənistan müstəqillik əldə etdikdən sonra demək olar ki, bütün illər ərzində Rusiya silahlarından istifadə edib, o cümlədən heç vaxt rəsmi olaraq iddia etmədiyi yeddi rayonu ələ keçirmək üçün istifadə edib”, - deyə Lavrov bildirib.
Rusiyanın XİN rəhbəri, həmçinin əlavə edib ki, ölkənin silahlarından ələ keçirilən ərazilərdə mühəndis istehkamların və döyüş xətlərinin qurulması üçün də istifadə edilib.
“Orada istehkamların və döyüş xətlərinin qurulmasında da rus silahlarından istifadə olunurdu ki, bu da planın bu əraziləri çox uzun müddət saxlamaq olduğunu göstərirdi”, - Lavrov qeyd edib.
O, həmçinin bəzi analitiklərin fikrincə, bu istehkamların xarakterinin bu rayonların Azərbaycana qaytarılmasının ümumiyyətlə planlaşdırılmadığını göstərdiyini əlavə edib.