
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam cəzası icra edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, qərar bu gün səhər saatlarında həyata keçirilib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə hücum olub.
Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 2023-cü il yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunub.
İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri qayıdıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin iki il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.