
Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin hazırkı meri, müstəqil avropapərəst namizəd Nikuşor Dan 54,17% səslə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, nəticələr bülletenlərin 98,56%-i işləndikdən sonra Daimi Seçki Administrasiyasının saytında dərc edilib.
Onun rəqibi, Rumınların Birləşməsi uğrunda millətçi Alyansın lideri Corce Simion isə 45,83% səs toplayıb.
Hazırda namizədlər arasında 898 min səs fərqi var, 850 min səs isə hesablanmamış qalıb.
Buxarestin mərkəzində yeni prezidentin minlərlə tərəfdarı “Nikuşor! Avropa! Rumıniya!” şüarları səsləndiriblər. Onun çıxışının gözlənildiyi Elizabeta bulvarında nəqliyyatın hərəkəti bağlanıb.
Qeyd edək ki, Rumıniyada seçkilər yenidən keçirilib. Belə ki, 2024-cü ilin noyabrında keçirilən ilkin səsvermə konstitusiya məhkəməsi tərəfindən ləğv edilib.
O zaman millətçi Kelin Corcesku lider idi, lakin o, haker hücumlarından tutmuş “Rusiyanın müdaxiləsinə” qədər müxtəlif pozuntularda ittiham olunurdu. Qalmaqala baxmayaraq, hakimiyyət 2025-ci ilin mayında təkrar seçkilərin keçirilməsini təsdiqləyib.