Tramp Zelenskini “dünyanın ən böyük alverçisi” adlandırıb


ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Vaşinqtonun milyardlarla dollarlıq yardımını düzgün idarə etməməkdə ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
ABŞ prezidenti deyib ki, onu Ukraynaya ayrılan vəsaitin həcmi yox, həmin pulların necə istifadə edildiyi narahat edir.
O əlavə edib ki, 2022-ci ilin fevralında Rusiya ilə müharibənin başlamasından sonra Kiyevə davamlı şəkildə milyardlarla dollar yardım edilməsi onu qane etmir. Tramp, xüsusən Zelenskinin hər ABŞ səfərində böyük məbləğli çeklərlə qarşılanmasından narahatlığını gizlətməyib: “Zelenskinin hər dəfə Vaşinqtona gələndə ona 60 milyard dollarlıq çek göndərdiklərini görəndə əsəbiləşdim”.
Tramp Ukrayna prezidentini “dünyanın ən böyük alverçisi” adlandıraraq, Zelenski haqqında “məndən qat-qat yaxşıdır” ifadəsini işlədib.
Müsahibə zamanı Tramp Ukraynaya yardımın əsasən nağd pul formasında göndərildiyini vurğulayıb: “Biz çeklər göndəririk. Biz həmişə avadanlıq göndərmirik. Biz yalnız nağd pul göndəririk. Haradadır bu pullar?”
Aparıcının Putinə sanksiyalarla bağlı sualına isə Tramp cavab vermək əvəzinə yenidən Kiyevə yönəlib: “Diqqətimi Putinə yönəltmək istəyirsiniz, amma Ukrayna ABŞ-la Avropadan daha pis rəftar edir”.
Müsahibənin sonunda Tramp vəziyyətin gələcəkdə həll olunacağına ümid etdiyini bildirib: “Biz bu qarışıqlığı miras aldıq, amma düşünürəm ki, bu, həll ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top