
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar yaxın həftələrdə Vaşinqtonla ticarət müqavilələri bağlamamış ölkələri Amerika bazarında bizneslə məşğul olmaq üçün tariflərin həcmi barədə məlumatlandırmağa başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Abu Dabidə işgüzar görüşdə danışıb.
“Eyni anda razılaşmaq istəyən 150 ölkəmiz var, lakin hamı ilə görüşmək mümkün deyil. Ona görə də bir neçə həftədən sonra Skott Bessent və Qovard Latnik məktublar göndərməyə başlayacaqlar”, - Tramp deyib.
Siyasətçinin sözlərinə görə, ABŞ ədalətli olacaq və Amerika bazarına çıxış üçün hansı məbləğlərin ödənilməsi lazım olduğunu bildirəcək.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə üçün qarşılıqlı idxal rüsumlarının tətbiqi haqqında sərəncam imzalayıb.