
“Barselona” vaxtından əvvəl futbol üzrə İspaniya çempionatının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, kataloniyalılar çempionatın 36-cı turunda səfərdə “Espanyol”a 2:0 hesabı ilə qalib gəlib.
Görüş “Espanyol”un doğma stadionunda baş tutub.
Qolları Lamin Yamal (53-cü dəqiqə) və Fermin Lopes (90+6) vurub.
36 turdan sonra 85 xalı olan “Barselona” çempionatın bitməsinə iki tur qalmış ikinci pillədə qərarlaşan “Real Madrid”i 7 xal qabaqladığı üçün vaxtından əvvəl qızıl medallara sahib olub.
“Barselona” 28-ci dəfə İspaniya çempionu olub. Bu göstərici üzrə rekordçu isə 36 titulla “Real Madrid”dir.
Bu mövsüm “Barselona” dörd mümkün kubokdan üçünü - çempionluq, kubok və İspaniya Superkubokunu qazanıb. Hans Diter Flikin komandası Çempionlar Liqasının yarımfinal mərhələsində İtaliyanın “İnter”inə uduzaraq, yarışdan çıxıb. hər iki görüş 3:3 hesabı ilə başa çatdı, lakin əlavə vaxtda İtaliya komandası daha güclü olub.
Qeyd edək ki, 37-ci turda “Barselona” “Vilyarreal”ı qəbul edəcək. Qarşılaşma mayın 18-də baş tutacaq.