
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı həbs qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari girovu həbslə əvəz edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterpressnews” agentliyi məlumat yayıb.
Məlumata görə, o, məhkəmə zalında həbs edilib.
Hakim Nino Taraşvili bu gün keçirilən ibtidai iclasda prokurorun təyin olunmuş girov cəzasının həbslə əvəz edilməsi barədə vəsatətinə baxıb.
İrakli Okruaşvili müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməkdə ittiham olunur.
Belə ki, onun saxlanması barədə vəsatətə səbəb keçmiş məmurun girov ödəməkdən və sabiq prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə cinayətlərini araşdıran parlament komissiyasının iclaslarına gəlməkdən imtina etməsi olub.
Qeyd edək ki, bu ilin aprelində məhkəmə Okruaşvilini 20 min lari (7,3 min dollardan çox) məbləğində girov ödəməyə məcbur edib. Daha sonra prokurorluq Okruaşvilinin həbsi ilə bağlı yeni vəsatət qaldırıb. Məhkəmə prokurorun vəsatətini təmin etdikdən sonra Okruaşvili saxlanılıb.
Qeyd edək ki, İrakli Okruaşvili müxtəlif vaxtlarda Milli Hərəkat hökumətinin müdafiə, daxili işlər və iqtisadiyyat naziri olub.