“Microsoft” 6 min işçini ixtisar edəcək


“Microsoft” şirkəti texnologiya bazarındakı yeni şəraitə uyğunlaşmaq üçün dünya üzrə təxminən 6 min iş yerini ixtisar edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkət nümayəndəsinə istinadla məlumat yayıb.
 “Biz şirkəti cari bazar dinamikasında ən yaxşı mövqedə tutmaq üçün zəruri təşkilati dəyişiklikləri etməkdə davam edirik”, - şirkət nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 6 min ixtisardan 2 mini “Microsoft”un Vaşinqtonun Redmond şəhərindəki baş qərargahında olacaq.
İxtisarlar ilk növbədə idarəetməyə təsir edəcək. Onların 2025-ci ilin iyul ayının ortalarında başlaması gözlənilir.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında “Microsoft” 10 min nəfəri işdən çıxarıb. Şirkət daxilində vaxtaşırı ixtisarlar və büdcənin istiqamətləndirilməsi texnologiya bazarındakı dəyişikliklərlə bağlıdır.
Hazırda ən böyük xərclər süni intellektin (AI) inkişafı üçün lazım olan məlumat mərkəzlərini elektrik enerjisi ilə təmin etməkdən gəlir. Şirkətin baş direktoru Satya Nadellanın sözlərinə görə, süni intellekt əvvəllər işdən çıxarılan işçilərin məsuliyyəti olan vəzifələri yerinə yetirməyə imkan verir.
“Bloomberg”in məlumatına görə, hazırda şirkətdə təxminən 228 min nəfər işləyir. İxtisarlar işçilərin ümumi sayının 3%-ni təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top