
İsrailin Qəzza zolağının cənubundakı xəstəxanaya endirdiyi zərbə nəticəsində bir fələstinli jurnalist həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bununla da 2023-cü ilin oktyabr ayından Qəzzada öldürülən jurnalistlərin sayı 215-ə çatıb.
Mətbuat xidmətinin məlumatına görə, Fələstinin “Alam24” xəbər agentliyinin direktoru Həsən İslih Xan Yunus şəhərindəki Naser Tibb Kompleksinə edilən hücumda həlak olub.
O, döyüş zamanı aldığı xəsarətlərə görə müalicə alırdı.
“Ölən jurnalistlərin sayı 215-ə çatıb... Biz Beynəlxalq Jurnalistlər Federasiyasını, Ərəb Jurnalistlər Birliyini və bütün ölkələrdəki jurnalist təşkilatlarını Qəzza zolağında fələstinli jurnalistlərə və media işçilərinə qarşı sistematik cinayətləri pisləməyə çağırırıq”, - mətbuat xidməti qeyd edib.
Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxananın cərrahiyə şöbəsinə birbaşa zərbələr nəticəsində iki xəstə həlak olub. Həmçinin, tibb işçiləri və xəstələr arasında da itkilər olub.
Səhiyyə Nazirliyinin statistikasına görə, İsrailin yenidən atəşə tutduğu martın 18-dən Qəzzada 2700-dən çox insan ölüb, 7600-dən çox insan yaralanıb.