Ən çox bahalanan və ucuzlaşan məhsulların siyahısı açıqlandı


Bu ilin aprel ayında istehlak qiymətləri 2024-cü ilin aprel ayına nisbətən 6,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 7,6 faiz, qeyri-qida məhsulları 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 7,6 faiz bahalanıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, aprel ayında istehlak qiymətləri əvvəlki aya (mart) nisbətən 0,3 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artıb.
Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna yarmasının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, brokkolinin, şirin bibərin, süfrə çuğundurunun, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, xiyarın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyri-qida məhsullarından bahalaşma ayaqqabıların və zərgərlik məmulatlarının, ucuzlaşma isə mebelin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsi, stomatoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Elnur Əli 

DİGƏR XƏBƏRLƏR

Top