
Avropa liderləri ABŞ-ni Moskvaya qarşı yeni sanksiyaları elan etməyə çağırmazdan əvvəl Ukrayna və Rusiya Prezidentlərinin Türkiyədə mümkün görüşünü gözləməyə hazırdırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” yazıb.
Mayın 12-də ABŞ və Avropa rəsmiləri arasında aparılan danışıqlardan sonra məlum olub ki, Amerika tərəfi Putinə təzyiqləri artırmazdan əvvəl mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarını mümkün etmək istəyir.
“Bloomberg”in mənbələrinə görə, əgər Putin Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya dərhal və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, Avropa liderləri Prezident Donald Trampı vədini yerinə yetirməyə və Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağıracaq.
ABŞ Prezident administrasiyası Rusiyaya iqtisadi təzyiqləri artırmaq üçün variantlar hazırlayır. Donald Tramp mayın 8-də bildirib ki, atəşkəs olmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcək.
Mayın 10-da Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderləri Kiyevdə Ukrayna Prezidenti ilə görüşüb, sülh prosesinin başlaması üçün 30 günlük atəşkəs planını müzakirə ediblər və onlar ABŞ Prezidenti ilə də birgə telefon danışığı aparıblar.
Bu danışıqların ardınca Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ümumi mövqe mayın 12-dən etibarən ən azı 30 gün ərzində dərhal, tam və qeyd-şərtsiz atəşkəs əldə olunması, Rusiyanın cavabının gözlənilməsi və imtina halında sanksiyaların sərtləşdirilməsidir.
Rusiya Prezidenti Vladimir Putin atəşkəs təklifini cavabsız qoyub və mayın 15-də İstanbulda birbaşa danışıqlara başlamağa hazır olduqlarını bildirib. Prezident Zelenski isə öz növbəsində Putini mayın 15-də Türkiyədə gözləyəcəyini bildirib.
Mayın 12-də ABŞ dövlət katibi Ukrayna, Böyük Britaniya, Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə danışıqlar aparıb.
Dövlət Departamentinin məlumatına görə, liderlər Ukraynada atəşkəsə nail olmaq üçün gələcək addımları və sülhün bərqərar olması yollarını müzakirə ediblər.