
““Apple” şirkəti payızda təqdim olunacaq yeni “iPhone” modellərinin qiymətlərini artırmağı planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ-Çin ticarət razılaşması çərçivəsində tariflərin qismən azaldılmasına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən smartfonlara tətbiq edilən 20%-lik tariflər qüvvədə qalır. “Apple” yeni funksiyalara və cihaz dizaynlarına diqqət yetirərək qiymət artımları və tariflər arasında birbaşa əlaqənin qarşısını almağa çalışıb.
Mənbələrin məlumatına görə, şirkət artıq istehsalın bir hissəsini Hindistana köçürməyə başlayıb, lakin flaqman “iPhone Pro” və “Pro Max” modellərinin istehsalı hələ də Çində cəmləşib. Analitiklər Hindistanın 2026-27-ci illərdə ABŞ-nin “iPhone” tələbatını ödəyə biləcəyini, lakin Çinin əsas komponent tədarükçüsü olaraq qalacağını proqnozlaşdırırlar.
Xatırladaq ki, “Apple”ın CEO-su Tim Kuk daha əvvəl tariflərin bu rübdə 900 milyon dollar əlavə xərclərə səbəb olacağını deyib. Şirkət istehsalı ABŞ-yə köçürmək imkanlarını araşdırır, lakin proses illər çəkəcək.