Tramp da bəlkə Türkiyəyə getdi


ABŞ Prezidenti Donald Tramp mayın 15-də Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi ehtimal edilən İstanbula gedə biləcəyini deyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə mayın 12-də keçirdiyi mətbuat konfransında bildirib.
“Mən uçmaq haqqında düşünürdüm. Cümə axşamı harda olacağımı bilmirəm. Çoxlu görüşlərim var, amma əslində ora uçmağı düşünürdüm”, - Tramp deyib.
O, həmçinin Rusiyanın 30 günlük atəşkəslə razılaşacağına inandığını bildirib.
Xatırladaq ki, mayın 10-da Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri ilə danışıqlardan sonra Ukrayna hakimiyyəti mayın 12-dən başlayaraq quruda, havada və dənizdə ən azı 30 gün atəşi dayandırmağa hazır olduqlarını açıqlayıb. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin Rusiya və Ukrayna arasında danışıqların ilkin şərt olmadan İstanbulda bərpa olunmasını təklif edib. Ukrayna və Avropa liderləri təkid edirlər ki, Rusiya əvvəlcə atəşi dayandırsın.
Mayın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda danışıqlar üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Putin hələ ki, Zelenskinin bəyanatına cavab verməyib.

DİGƏR XƏBƏRLƏR

Top