
“Hindistan və Pakistan arasında telefon qaynar xətti vasitəsilə hərbi komandirlər səviyyəsində danışıqlar aparılır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, iki ölkə arasında danışıqlar atəşkəs razılaşması mövzusunda aparılır.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Hindistan birliyinin Cammu və Kəşmir ərazisindəki Pahalqamda törədilən terror aktından sonra pisləşib. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə doqquz hədəfi vuraraq Sindoor əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirib. Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəliblər, lakin bir neçə saat sonra Cammu və Kəşmirin bir sıra şəhərlərində, eləcə də Pəncabda pilotsuz təyyarələr aşkarlanıb və hava hücumundan müdafiə sistemləri işə salınıb. Mayın 12-də “Hindustan Times” qəzeti mənbələrə istinadən yazıb ki, Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq; siyasi təmaslar olmayacaq.