
İsrailin Qəzza zolağının şimalında məktəb binasına endirdiyi zərbə nəticəsində azı 15 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının şimalında yerləşən Cəbəliya şəhərindəki qızlar məktəbinə silsilə zərbələr endirib. Bombalama nəticəsində içərisində uşaqlar da daxil olmaqla ən azı 15 nəfər həlak olub.
Kanal həmçinin bildirib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ən azı 40 fələstinli ölüb, 80-dən çox fələstinli yaralanıb.
2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin başlamasından bu yana anklavda ölənlərin ümumi sayı 52 829, yaralananların sayı 119 554 nəfərə yüksəlib.