
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün ABŞ rəsmiləri ilə dolayı danışıqların dördüncü raundu üçün Maskata səfər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat yayıb.
Xatırladaq ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə üç raund danışıqlar keçirib. Onlardan birincisi aprelin 12-də Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncüsü isə aprelin 26-da yenidən Omanın paytaxtında baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.
Dördüncü raund əvvəlcə mayın 3-nə təyin edilib. Omanın xarici işlər naziri Bədr əl-Busaidinin daha əvvəl bildirdiyi kimi, növbəti görüş loqistik səbəblərə görə təxirə salınıb. İranın Aİ-3 ölkələri Böyük Britaniya, Almaniya və Fransa ilə mayın 2-nə planlaşdırılan məsləhətləşmələri də baş tutmayıb.